Daşkənd şəhərində Fikrət Əmirovun simfonik əsərləri səsləndirilib
, 2023
Daşkənd şəhərində Fikrət Əmirovun simfonik əsərləri səsləndirilib
Özbəkistan Dövlət Konservatoriyasının böyük zalında Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, simfonik muğam janrının banisi Fikrət Əmirova həsr olunmuş “Sevgimizin səması” adlı simfonik konsert keçirilib.
Qardaş ölkədə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə baş tutan tədbirdə mədəniyyət və incəsənət xadimləri, yerli ictimaiyyətin tanınmış nümayəndələri, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin rəhbərliyi, Daşkənddəki ali məktəblərin müəllim-tələbə heyəti iştirak ediblər.
Konsert öncəsi çıxış edən Özbəkistanın əməkdar incəsənət xadimi Andrey Slonim dahi bəstəkarın musiqi irsini milli sərvət adlandırıb, onun yaratdığı misilsiz, əzəmətli və ölməz əsərlərin dünya inciləri xəzinəsini bəzədiyini vurğulayıb.
Sonra beynəlxalq müsabiqələr laureatı Bobomurod Xudoykulovun dirijorluğu ilə Özbəkistan Dövlət Konservatoriyasının nəzdindəki teatr-studiyanın simfonik orkestrinin ifasında məşhur “Şur” simfonik muğamı, ərəb mövzularında fortepiano və orkestr üçün konsert təqdim olunub. Fortepianoda əsəri Özbəkistanın əməkdar artisti Adiba Şaripova ifa edib.
Konsert zamanı hər musiqi əsərinə uyğun görüntülərdən ibarət video-çarxlar nümayiş etdirilib.
Azərbaycan bəstəkarının böyük maraq doğuran əsərləri tamaşaçıların gur alqışları ilə qarşılanıb.
FOTO QALEREYA
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:http://diaspor.gov.az/az/news-detail/daskend-seherinde-fikret-emirovun-simfonik-eserleri-seslendirilib-2739