İslandiyada yaşayan soydaşımız futbol üzrə yeniyetmələr arasında dünya çempionatının ikincisi olub
26 iyul, 2023
İslandiyada yaşayan soydaşımız futbol üzrə yeniyetmələr arasında dünya çempionatının ikincisi olub
İsveçin Höteborq şəhərində keçirilən yeniyetmə qızlar arasında futbol üzrə “World Gothia Cup Youth 2023” dünya çempionatında İslandiyadakı Azərbaycan icmasının fəalı Aysu Mey uğurla çıxış edib.
“Azəri” İslandiya Azərbaycan Cəmiyyətinin sədri Zakir Həsənov bildirib ki, Aysu Mey çempionatda İslandiyanın “KA 1” futbol klubunun tərkibində kubok uğrunda mübarizə aparıb. 79 ölkə arasında 82 futbol klubunun qatıldığı çempionatda İslandiyanın yeniyetmə futbolçuları G14 kateqoriyası üzrə finala yüksəliblər.
SKF idman arenasında baş tutan final oyununda “KA 1” klubu İsveçin “Hammarby IF FF” futbol klubu ilə qarşılaşıb. Yeniyetmə qızların gərgin mübarizə şəraitində keçən oyunun taleyini son anda islandiyalıların qapısına təyin olunan penalti həll edib. Nəticədə islandiyalılar, o cümlədən Aysu Mey çempionatın gümüş medalını qazanıblar.
Qeyd edək ki, “Gothia Cup” iştirakçılarının sayına görə ən böyük beynəlxalq futbol kuboku, yeniyetmələr arasında dünya çempionatı hesab edilir. 1975-ci ildən etibarən hər il İsveçdə keçirilən yarışda 11-19 yaşarası oğlan və qızlar iştirak edirlər. Bu turnirin futbol üzrə dünya çempionatından əsas fərqi milli komandaların olmamasıdır. Turnirdə yaşa görə bölünən müxtəlif ölkələrin klubları iştirak edir. Çempionat UNICEF tərəfindən dəstəklənir.
Diasporla İş üzrə Dövlət Komitəsi gənc Aysu Meyi və valideynlərini bu qələbə münasibətilə təbrik edir, ona idmançı karyerasında davamlı uğurlar qazanmağı arzulayır.
FOTO QALEREYA
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:https://diaspor.gov.az/az/news-detail/islandiyada-yasayan-soydasimiz-futbol-uzre-yeniyetmeler-arasinda-dunya-cempionatinin-ikincisi-olub-3274