Qahirədə Həmrəylik Gününə həsr olunmuş tədbir təşkil edilib
2022
Qahirədə Həmrəylik Gününə həsr olunmuş tədbir təşkil edilib
Misirin paytaxtı Qahirədə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib.
“Vətənpərvər” Misirdəki Azərbaycanlıların Diaspor Təşkilatları Birliyində baş tutan tədbirdə Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov, səfirliyin əməkdaşları, Qahirədə yaşayan soydaşlarımız və Misir-Azərbaycan Dostluq Cəmiyyətinin nəzdindəki Azərbaycan dili kursunun tələbələri iştirak ediblər.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən səfir E.Poluxov soydaşlarımızı bayram münasibətilə təbrik edib. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən həmrəylik gününün tarixindən, əhəmiyyətindən, danışan diplomat qeyd edib ki, hər il dekabrın 31-də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar doğma Vətənlə həmrəyliyini nümayiş etdirir, xalqımızın gələcəyi naminə fəaliyyət istiqamətində yeni təkliflərlə çıxış edirlər. Nəzərə çatdırıb ki, Misirdəki diasporumuz müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd olunmasına hazırlaşır və səfirliyimiz bu işdə köməyini əsirgəməyəcək.
“Vətənpərvər” Misirdəki Azərbaycan Diaspor Təşkilatları Birliyinin sədri, Ərəb ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Misirdəki əlaqələndiricisi, tədqiqatçı-alim Seymur Nəsirov çıxışında yola saldığımız 2022-ci ildə Azərbaycan həqiqətlərinin ərəb dünyasına çatdırılması, xalqımızın tarixinin və mədəniyyətinin təbliği sahəsində görülmüş işlər barədə ətraflı məlumat verib. Azərbaycan dili kurslarında təhsil alan misirli və əcnəbi tələbələrin də bu işdə fəal iştirak etdiklərinə diqqəti cəlb edib.
Tədbirin bədii hissəsində Azərbaycan dili kursları müdavimlərinin ifasında ölkəmizi vəsf edən şeirlər səsləndirilib.
FOTO QALEREYA
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
kaynak:http://diaspor.gov.az/az/news-detail/qahirede-hemreylik-gunune-hesr-olunmus-tedbir-teskil-edilib-2130