Rəssam Rövşən Nur IV Yay Düşərgəsinin gedişində yeni əsərlər yaradıb
16 avqust, 2023
Rəssam Rövşən Nur IV Yay Düşərgəsinin gedişində yeni əsərlər yaradıb
Azərbaycanın qədim torpağı Naxçıvanda “Heydər Əliyev İli” çərçivəsində keçirilən Diaspor Gənclərinin IV Yay Düşərgəsini rəsmi açılış mərasimi maraqlı anları ilə yadda qalıb.
Bu məqamlardan biri Estoniyada yaşayan azərbaycanlı rəssam, “Buta Art Studio” Azərbaycan Yaradıcılıq Mərkəzinin sədri Rövşən (Nur) Quliyevlə bağlı olub. Tədbirin gedişində rəssam “Milli rəqsimiz” adlı əsər yaradıb.
O bildirib ki, yağlı boya ilə kətan üzərində impressionizm üslubunda çəkdiyi əsər hiss etdiyi duyğuları əks etdirib: “Fərqli hisslərdir. Əsər şahidi olduğum mənzərənin, eşitdiyim musiqinin təsiri altında çəkildi”.
Rəssam qeyd edib ki, “Heydər Əliyev İli” çərçivəsində təşkil olunmuş Diapor Gənclərinin IV Yay Düşərgəsinin rəsmi açılış mərasimi çox mükəmməl təşkil edilib: “Rəsmi açılışdakı çıxışlar və musiqili proqram məndə unudulmaz hisslər oyatdı. İlham pərim oyandı, çıxışların, musiqinin və rəqsin gözəlliklərini kətan üzərində əks etdirmək istədim. Rənglərin bir-birinə qarışması, musiqinin, muğamın sədaları, rəqs hərəkətləri həmin əhval-ruhiyyəni çatdırır. Ümid edirəm ki, Azərbaycanın zəngin mədəniyyətini əks etdirən bu tablo gələcəkdə tarixi əsər kimi dəyərləndiriləcək”.
Rövşən Nur düşərgə iştirakçılarına master-klass keçib. Hər bir iştirakçının çəkdiyi ştrix güldanda güllər şəklini ortaya çıxarıb.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq edən xaricdəki sənətkarlarımızdan biri də rəssam Rövşən Nurdur. Tallinn şəhərinin müxtəlif rəsm qalereyalarında Rövşən Nurun fərdi sərgilərinin nümayiş etdirilməsinə Komitə dəstək göstərir. Rəssamı fərqləndirən cəhətlərdən biri də sərgilərin gedişində hər hansı bir məqamdan ilhama gələrək kətan üzərində yeni əsər yaratmasıdır.
FOTO QALEREYA
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:https://diaspor.gov.az/az/news-detail/ressam-rovsen-nur-iv-yay-dusergesinin-gedisinde-yeni-eserler-yaradib-3342